Haqqımızda

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.

2025/2026-cı tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və təhsil profillərini əhatə edən 38 ixtisas (bakalavriat) və 20 ixtisaslaşma (magistratura) üzrə qəbul aparılır. Hazırda 3 fakültə və 10 kafedranın fəaliyyət göstərdiyi universitetdə ümumilikdə 5000-dən artıq tələbə və magistrant təhsil alır. Müxtəlif ixtisaslar və kurslar üzrə 9 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.

400-dən çox əməkdaşı olan MDU-da 310 nəfərə yaxın professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfəri elmlər doktoru, 75 nəfəri fəlsəfə doktoru, 4 nəfəri professor və 46 nəfəri  dosentdir.

MDU-da həyata keçirilən kompleks tədbirlər ilk növbədə əsas strateji hədəflərə – yeni dövrün universitetinə çevrilməyə, regional inkişafa töhfə verməyə və paytaxt səviyyəli ali təhsil müəssisəsi statusuna nail olmağa hesablanır. Bu zaman milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendləri, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışlar, eləcə də Universitetin mövcud durumu və potensial imkanları əhəmiyyətli dərəcədə nəzərə alınır.

Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir. Bütün bunlara nail olmaq üçün mövcud şərtlər kontekstində tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması prioritet istiqamətlər olaraq seçilib. Həmin istiqamətlər üzrə fəaliyyətin təşkilində qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivlər nəzərə alınır və fərqləndirilir.

Əsaslandırılmış qərarlar və inamlı addımlar MDU-nun yerləşdiyi regionda ümumi ekosistemin mühüm faktorlarından birinə çevrilməsinə imkan verir. Məhz bu amil həm Universitetin populyarlığının və cəlbediciliyinin artmasına, həm də əmək bazarının sürətlə dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsinə dəstək verir.

Tələbələrin müasir dövrün çağırışlarına uyğun ali təhsil alması və onların əmək bazarının tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşması prioritet əhəmiyyət daşıyır. Tələbələrin gələcəkdə uğurlu karyera qurması ilə bərabər xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsinə, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsinə, onların MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməsinə, könüllülük və startap fəaliyyətinə cəlb olunmasına, tələbə-gənclərin idmanla məşğul olmasına xüsusi önəm verilir. MDU-da çoxsaylı tələbə təşkilatları fəaliyyət göstərir.

Elmi tədqiqatların məzmununun təkmilləşdirilməsinə, bu sahədə müasir metodlardan istifadənin artırılmasına və elmi fəaliyyətin nəticəyönümlülük yanaşması üzərində qurulmasına xüsusi diqqət yetirilir. Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında MDU-nun profili yaradılıb.

İdarəçilikdə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə MDU-nun İctimai Nəzarət Şurası fəaliyyət göstərir.

Qabaqcıl universitetlərin  təcrübəsindən və potensialından faydalanmaq məqsədilə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Lənkəran Dövlət Universiteti (LDU), Azərbaycan Texnologiya Universiteti, bir sıra elmi tədqiqat institutları, kolleclər və peşə məktəbləri ilə qarşılıqlı faydalı əlaqələr yaradılıb. Həmçinin, MDU çoxsaylı özəl müəssisələr, media qurumları, QHT-lər, gənclər təşkilatları və digər qurumlarla da sıx əməkdaşlıq edir.

Bu gün MDU beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın 14 ölkəsinin 25 universiteti ilə əlaqələr yaratmışdır.  Türkiyənin Gazi Üniversitesi, Yıldız Teknik Üniversitesi, Hacı Bayram Veli Üniversitesi, KTO Karatay Üniversitesi və İstanbul Gedik Üniversitesi, Almaniyanın Siegen Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD), Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti (Abay Universiteti), Ahmet Yesevi Universiteti (AYU) və Qazax Milli Aqrar Tədqiqat Universiteti (KazNARU) qarşılıqlı layihələr həyata keçirir. Qeyd olunan xarici universitetlərlə tələbə və müəllim mübadiləsi, Erasmus+ və HORİZON2020 proqramlarında birgə iştirak, birgə elmi tədqiqatların aparılması, ortaq elmi konfranslar və yay məktəbləri keçirilməsi istiqamətlərində əməkdaşlıq edilir, gələcəkdə müvafiq universitetlərlə ikili diplom proqramlarının yaradılması haqqında ilkin razılıq əldə olunub.

MDU ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən və 130-dan çox ölkənin 600-dən artıq universitetini birləşdirən Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities – IAU) üzvüdür.

MDU 170-dən çox universiteti əhatə edən Kəmər və Yol Universitet Alyansının (University Alliance of the Belt and Road – UAB&R) üzvü olaraq fəaliyyətini davam etdirir.

MDU Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində həm tələbə və müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində iştirak edir.

Hazırda Erasmus + proqramı çərçivəsində tələbə və müəllim mübadiləsi istiqamətində əməkdaşlıq edilən universitetlər:

İspaniyanın Valladolid Universiteti ( UvA University of Valladolid), Sloveniyanın Nova Gorika Universiteti (Nova Gorica University), Rumıniyanın Timişoara Politexnik Universiteti (Timisoara Polytechnical University),  Transilvaniya Universiteti (Transilvania University of Brasov), Latviyanın RISEBA Tətbiqi Elmlər Universiteti (The RISEBA University of Applied Sciences), İspaniyanın Leon Universiteti  (Universidad de Leon) və Sloveniyanın Primorsk Universiteti (University of Primorska) və Türkiyə Respublikasının 3 universiteti (Ankara Hacı Bayram Veli Universiteti, İstanbul Gedik Universiteti və Kayseri Universiteti)

GEOCLIC, ENGAGE, VEHUB4YOU, DIRNA,   REFRESH, BEAUCOUP, GreenTech Horizons layihələri beynəlxalq əməkdaşlıq çərçivəsində MDU-nun tərəfdaşı və icraçısı olduğu iri layihələrdəndir.

Universitet Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi ilə əməkdaşlıq edir. Bu qurumlar ilə əməkdaşlıq əsasən tələbələrin startap fəaliyyətlərinin və karyera inkişafının dəstəklənməsinə, onların innovasiya potensialının, praktiki bilik və bacarıqlarının artırılmasına, müvafiq fənlər üzrə tədris planlarının təkmilləşdirilməsinə, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılmasına və müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsinə hədəflənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2025-ci il tarixli Sərəncamına əsasən Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. 

Tariximiz

Bu ali təhsil müəssisəsi 1991-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mingəçevir filialı kimi fəaliyyətə başlayıb. Filial regionda yerləşən sənaye müəssisələrinin ehtiyaclarına uyğun kadrların hazırlanması məqsədilə açılıb. 1992-ci ilin avqustun 25-də filialın bazasında Mingəçevir Energetika İnstitutu yaradılıb. 1993-cü ilin avqustun 4-də Mingəçevir Energetika İnstitutu Mingəçevir Politexnik İnstitutu adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti (MDU) yaradılıb. MDU-nun Nizamnaməsi 2015-ci ilin avqustun 24-də təsdiq edilib və avqustun 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Şahin Bayramov MDU-ya rektor təyin edilib. 2022-ci ilin avqustun 9-da Azərbaycan Respublikasının Nazirlər Kabineti MDU-nun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ali təhsil müəssisəsinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi və Nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul edib.

SLOQANIMIZ

Müasir təhsil, doğru seçim, uğurlu karyera

MİSSİYAMIZ

Dayanıqlı inkişafa töhfə verən yüksək ixtisaslı kadrlar hazırlamaq, nəticəyönümlü elmi tədqiqatlar aparmaq və cəmiyyətə faydalı sosial xidmətlər göstərmək

VİZYONUMUZ

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənən yeni dövrün universitetinə çevrilmək